news_page

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə tanınmış yazıçı İlqar Kamilin yeni əsəri – “9-cu Mərtəbə” romanının təqdimat mərasimi keçirilib.

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə tanınmış yazıçı İlqar Kamilin yeni əsəri – “9-cu Mərtəbə” romanının təqdimat mərasimi keçirilib.
  • 02 Dec 2025

Tədbirdə universitetin akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.

 Açılış nitqi ilə çıxış edən Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov tədbirin əhəmiyyətindən bəhs edərək, bu cür ədəbi görüşlərin gənclərin yaradıcılıq potensialının inkişafına, oxu vərdişlərinin formalaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra yazıçı İlqar Kamil çıxış edərək, “9-cu Mərtəbə” romanının yaranma prosesi, əsərdə işlənən ideya-məzmun xətti və şəhid Murad obrazının formalaşması barədə ətraflı məlumat verib.

 Müəllif qeyd edib ki, roman şəhidlik mövzusuna yeni baxış bucağından yanaşaraq insanın mənəvi saflaşması, iradə gücü və həyat sınaqları qarşısında dayanıqlığını ön plana çıxarır.

 Tədbir çərçivəsində romanın seçilmiş hissələri təqdim olunub, həmçinin “Ədəbiyyat və şəhidlik” mövzusu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Tələbələr yazıçıya suallar ünvanlayaraq əsərin bədii-estetik dəyərləri, qəhrəmanların psixoloji dərinliyi və romanın mesajı barədə öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, İlqar Kamil ədəbiyyat aləmində “Polad necə bərkidi”, “Həzrət Eşq”, “Kostyumlu övliya” və “Anam üçün” kimi əsərləri ilə tanınır.

more_news