news_page

Bakı Avrasiya Universitetində “Peşəkar Karyera” layihəsi çərçivəsində təlim keçirilib.

Bakı Avrasiya Universitetində “Peşəkar Karyera” layihəsi çərçivəsində təlim keçirilib.
  • 19 Oct 2026

14 oktyabr 2026-cı il tarixində Bakı Avrasiya Universitetində (BAAU) Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “Peşəkar Karyera” layihəsi çərçivəsində tələbələr üçün təlim təşkil olunub.

Təlimdə Milli Observatoriyanın İnsan Resursları və Sənədlərlə İş şöbəsinin müdiri Sevinc Rəfiyeva “Dəyişiklikləri imkanlara necə çevirməli” mövzusunda çıxış edib. O, əmək bazarında baş verən dəyişikliklərin peşə tələblərinə və karyera imkanlarına təsirini təhlil edərək, rəqabətqabiliyyətliliyin qorunmasında çevik uyğunlaşmanın, yumşaq səriştələrin inkişafının, eləcə də yeni bilik və bacarıqların mənimsənilməsinin əhəmiyyətini vurğulayıb.

Müzakirələr zamanı əmək bazarındakı imkanların düzgün qiymətləndirilməsi, fərdi bacarıqların peşə tələbləri ilə uzlaşdırılması və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

İnteraktiv formatda keçirilən təlimdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Peşəkar Karyera” layihəsi çərçivəsində BAAU-da tələbələr üçün təşkil olunan təlimlərin dekabr ayınadək davam etdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində keçirilən təlimlər tələbələrin əmək bazarının tələbləri barədə məlumatlılığının artırılmasına və gələcək karyeralarını daha məqsədyönlü planlaşdırmalarına dəstək məqsədi daşıyır.

more_news